Müəllimlərin növbəti diaqnostik qiymətləndirilməsi İsmayıllıda olacaq
23.11.2016

Müəllimlərin növbəti diaqnostik qiymətləndirilməsi noyabrın 27-28-də İsmayıllıda keçiriləcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, imtahanda İsmayıllı ilə yanaşı, Qobustan və Şamaxı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər iştirak edəcək. Eyni zamanda Şuşanın Qəbələ və İsmayıllı rayonlarında yerləşən ümumi təhsil müəssisələrində çalışan müəllimləri də bu imtahanlara cəlb ediləcəklər.

Bu gün isə Qubada keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsinə yekun vurulacaq. İmtahanlarda 1000-dən çox rus dili və ədəbiyyatı (rus bölməsi), rus dili (Azərbaycan bölməsi), riyaziyyat və tarix müəllimi iştirak edir.

Qubada keçirilən diaqnostik qiymətləndirmədə Quba ilə yanaşı, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər iştirak edir. Xaçmaz rayonu üzrə diaqnostik qiymətləndirmədə ötən il müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər də bu imtahanlara cəlb ediliblər.

trend.az