Parisdə “Şalom, Baku” sənədli filmi təqdim olunub
24.11.2016

Parisdə Baron Edmond Rotşild Mediateka Alyansında rejissor Müryel Levinin “Şalom, Baku” sənədli filminin təqdimatı keçirilib.

Film Bakı şəhəri, Quba və Oğuz rayonlarında yaşayan yəhudi icmasının gündəlik həyatından bəhs edir. Ekran əsərində yəhudi icma üzvlərinin ölkəmizdə dinc şəraitdə yaşadıqları qeyd olunur, burada heç vaxt antisemitizmin olmadığı bildirilir, yəhudi təhsil mərkəzinin, sinaqoqların fəaliyyəti ətraflı işıqlandırılır.

Filmin nümayişindən sonra rejissor Müryel Levi 47 dəqiqəlik sənədli filmin ideya müəllifinin Fransa Yəhudi İnstitutları Təmsilçiləri Şurasının sabiq sədr müavini Jan-Pyer Allali olduğunu qeyd edib. O, Azərbaycana səfərindən, filmin çəkilişindən danışıb. Müryel Levi filmin ərsəyə gəlməsində əməyi olanlara təşəkkür edib. Azərbaycanda yəhudilər üçün yaradılan şəraitdən danışarkən rejissor qeyd edib ki, Qafqaz dağları və Xəzər dənizi arasında yerləşən bu dünyəvi müsəlman ölkəsində 25 minədək dağ və aşkenaz yəhudisi yaşayır. Onlar Azərbaycan dövlətinin qayğısı ilə tam əhatə olunublar.

Müzakirələr zamanı rejissor Müryel Levi, Fransa Yəhudi İnstitutları Təmsilçiləri Şurasının sabiq sədr müavini Jan-Pyer Allali və Fransadakı səfirliyimizin nümayəndəsi Ayaz Qocayev tamaşaçıların suallarını cavablandırıblar.

Ölkəmizdə müxtəlif xalqların, etnik qrupların və din nümayəndələrinin dinc şəraitdə yaşamasından danışılıb və onların dillərinə, adət-ənənələrinə hörmətlə yanaşıldığı və bunun üçün bütün şərait yaradıldığı bildirilib.

Jan-Pyer Allali Azərbaycanın dinlər arasında münasibət və tolerantlıq baxımından bütün dünyaya nümunə olduğunu, ölkəmizdə dərin köklərə malik multikultural mühitin mövcudluğunu qeyd edib.

azertag.az