Noyabrın 23-də Müasir İncəsənət Mərkəzində rəssam Tünzalə Məmmədzadənin tələbələri Elmar Məmmədzadə, Elnarə Qavami və təkəlduz ustası Türkan Məmmədzadənin yaradıcılıq sərgisi açılıb.
“İpəkdə yaşayan izlər” adlanan rəsm və təkəlduz sərgisində 30-dan çox əsər nümayiş olunub.
Qeyd edək ki, ipək üzərində işlənilən əsərlər eyni başlıq altında müxtəlif vaxtlarda nümayiş olunub və bu üçüncü sərgidir.
Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev və Xalq Rəssamı Arif Hüseynov çıxış edərək bildiriblər ki, sərgidə nümayiş olunan əl işləri təsviri və tətbiqi sənətin vəhdətini özündə əks etdirən əsərlərdir. Qeyd edilib ki, ölkəmizdə dekorativ tətbiqi sənətlə təsviri sənəti sintez edərək, şəffaf ipək üzərində rəsm əsərləri yaratmağın bünövrəsini Tünzalə Məmmədzadə qoyub. O, bu işin əsasını qoyaraq inkişaf etdirib, ölkəmizdə və xaricdə tanımaqla yanaşı, davamçılarını da yetişdirir.
Z.Əliyev diqqətə çatdırıb ki, Tünzalə Məmmədzadə dünyada ilk dəfə olaraq “Qurani-Kərim”in ipək üzərində nümunəsini hazırlayıb.
Tədbirdə Tünzalə Məmmədzadə tələbələrinə və şəffaf ipək üzərində tikmə tikən yeganə təkəlduz ustası Türkan Məmmədzadəyə uğurlar arzulayıb.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.
azertag.az