Azərbaycan Dillər Universitetinin (ADU) “SABAH” qruplarında “Cavid hikməti: seçmə aforizmlər (Azərbaycan və ingilis dillərində)” kitabının təqdimat mərasimi keçirilib. Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə çap olunub. Aforizmlər toplusunu ingilis dilinə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin Ev-Muzeyinin əməkdaşları Nigar Babaxanova və Fəridə Əliyeva tərcümə ediblər.
ADU-dan bildirilib ki, “SABAH” qruplarının müəllimi, dosent Əzizağa Nəcəfzadə Hüseyn Cavidin zəngin və bənzərsiz yaradıcılıq irsindən söz açıb. Böyük ədibin mənzum faciələri, tarixi dramları, fəlsəfi lirikanın təkrarsız nümunələri ilə Azərbaycan ədəbiyyatında yeni mərhələ yaratdığı vurğulanıb.
Hüseyn Cavidin Ev-Muzeyinin elmi katibi Natiq Mürsəlov ədibin yaradıcılığının Şərqin estetik fikir tarixi və dünya romantik ənənələri ilə bağlı olduğunu söyləyib. H.Cavidin lirikasında bəşəri problemlərin humanizm mövqeyindən işıqlandırıldığını söyləyən N.Mürsəlov qeyd edib ki, ədibin əsərləri Azərbaycan xalqının milli sərvətidir.
Daha sonra universitetin “SABAH” qruplarında təhsil alan tələbələr H.Cavidin yaradıcılığından nümunələr səsləndiriblər.
azertag.az