Azərbaycan və Belarus şəhərləri arasında birgə əməkdaşlığa dair sənəd imzalanıb
24.11.2016

Azərbaycanın Mingəçevir şəhəri Belarusun Polotsk şəhəri ilə əməkdaşlığı genişləndirir.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarusun Polotsk şəhərinə işgüzar səfər edib.

Səfərin əsas məqsədi qardaşlaşmış şəhərlər olan Mingəçevirlə Polotsk arasında iqtisadi, mədəni, elmi, texniki, turizm və idman sahəsində mövcud olan əlaqələri daha da inkişaf etdirməkdir.

Mingəçevirli həmkarlarını səmimi qonaqpərvərliklə qarşılayan Polotsk İcra Komitəsinin sədri Nikolay Şevçuk Azərbaycanla Belarus arasındakı tarixi dostluq əlaqələrindən söz açıb. O, qardaşlaşmış şəhərlər olan Mingəçevirlə Polotsk arsında iqtisadi, ticari, idman və turuzm sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Rəhbərlik etdiyi şəhərlə Mingəçevirin yüngül sənaye və bir sıra istehsalat müəssisələri arasında qarşılıqlı əməkdaşlığın qurulmasına xüsusi maraq göstərdiklərini bildirən N.Şevçuk bu kimi qarşılıqlı səfərlərin ikitərəfli iqtisadi, ticari əməkdaşlığın inkişafına təkan verəcəyini qeyd edib.

Səmimi qarşılanmaya görə Polotsk şəhər rəhbərliyinə minnətdarlığını bildiriən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı N.Bayramov son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən qlobal sosial-iqtisadi layihələr haqqında ətraflı məlumat verib. Azərbaycanda bir çox sahələrlə yanaşı, regionların inkişafına xüsusi diqqət ayrıldığını diqqətə çatdıran icra başçısı bu istiqamətdə Mingəçevir şəhərində həyata keçirilən yenidənqurma və köklü islahatlardan danışıb. O, ölkəmizdə əlverişli investisiya mühitinin olmasından bəhs edərək, Mingəçevirlə Polotsk şəhərlərində fəaliyyət göstərən yangül sənayə müəssisələri arasında əlaqələrin qurulması, bu sahədə birgə istehsal müəssisələrinin yaradılmasının vacibliyini bildirib.

Görüş zamanı qardaşlaşmış şəhərlər arasında müştərək istehsal müəssisələrinin yaradılması, iqtisadi, mədəni, elmi-texniki əlaqələrin inkişaf etdirilməsi, idman və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri geniş müzakirə olunub. Bu sahədə birgə əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Hər iki tərəf bir-birilərinə xatirə hədiyyələri təqdim edib.

Səfər çərçivəsində Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndələri Polotsk şəhərində fəaliyyət göstərən bir sıra yüngül sənaye kompleksləri ilə tanış olublar.

trend.az