2020-ci ilədək Azərbaycanda qatarların sürəti artırılacaq
24.11.2016

2020-ci ilədək Azərbaycanın dəmir yollarında qatarların sürətinin artırılması məqsədilə yenidənqurma işləri başa çatdırılacaq.

Bu barədə Milli Məclisə təqdim olunmuş “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nin layihəsində qeyd olunub.

Layihəyə əsasən, 2017-2020-ci illərdə nəqliyyat şirkətlərinin tərkibində olan müxtəlif sahəli, o cümlədən əsas və yardımçı müəssisələrin səhmdar cəmiyyətlərinə çevrilməsi, dövlətsizləşdirilməsi və özəlləşdirilməsi nəzərdə tutulur.

Qeyd olunur ki, nəqliyyat kompleksinin qabaqcıl və sürətli inkişafı, yol-kommunikasiya sahələrinə investisiyaları cəlb edəcək, iri infrastruktur layihələrinin həyata keçirilməsi aşağıdakıları təmin edəcək:

- yol-kommunikasiya kompleksində müxtəlif nəqliyyat növlərinin ardıcıl inkişafı;
- ölkə ərazisində beynəlxalq və tranzit dəhliz və ölkənin regionlararası, şəhər və rayondaxili yol-nəqliyyat infrastrukturunun inkişafı;
- Xəzər dənizində etibarlı multimodal nəqliyyat sisteminin yaradılması;
- tranzit yükdaşıma xidmətlərinə görə ƏDV-nin sıfır dərəcə ilə tətbiq olunması;
- dəmir yolunda qatarların sürətlərinin artırılması məqsədilə yenidənqurma işlərinin başa çatdırılması;
- beynəlxalq və daxili sərnişin uçuşlarının gəlirliyinin artırılması və rentabellik səviyyəsinin yüksəldilməsi;
- hava nəqliyyatı donanmasının müasirləşdirilməsi və modernləşdirilməsinin davam etdirilməsi.

Bundan başqa, layihədə bildirilir ki, əvvəlki illərdə olduğu kimi, növbəti illərdə də əhalinin əsasən aztəminatlı təbəqəsinin ən çox istifadə etdiyi metro nəqliyyatının dünya standartlarına uyğunlaşdırılması istiqamətində işlər görüləcək.

trend.az