Xalq Artisti Ramiz Mustafayevin xatirəsinə həsr olunan musiqili gecə keçirilib
25.11.2016

Noyabrın 24-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında unudulmaz bəstəkar, Xalq Artisti Ramiz Mustafayevin anadan olmasının 90 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə qonaqlar əvvəlcə sənətkarın həyat və yaradıcılığı ilə bağlı fotosərgiyə baxıblar.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarova tədbirdə çıxış edərək unudulmaz bəstəkarın həyat və yaradıcılığından, musiqi xəzinəmizin zənginləşməsindəki xidmətlərindən danışıb. Z.Qafarova R.Mustafayevin mənalı ömür yoluna və zəngin yaradıcılığına nəzər salaraq bildirib ki, o, çox məhsuldar bəstəkar kimi ölkəmizin mədəni həyatında böyük xidmətlər göstərib. Əsərləri və insani keyfiyyətləri ilə musiqi ictimaiyyətinin və geniş dinləyici kütləsinin rəğbətini qazanan unudulmaz bəstəkar 6 opera, 5 musiqili komediya, 9 oratoriya, 7 kantata, 5 vokal-simfonik poema, 8 simfoniya, 500-ə qədər mahnı və romansın, 200-dən artıq xalq mahnısının xor üçün işləmələrinin müəllifidir. R.Mustafayev musiqili səhnə, vokal-simfonik əsərlərin müəllifi kimi tanınmaqla yanaşı, həm də yaradıcılığında opera və operetta janrları xüsusi əhəmiyyət kəsb edir.

Diqqətə çatdırılıb ki, bir sıra operaların müəllifi olan R.Mustafayev 1968–1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində çalışıb. Musiqi sənətimizin inkişafında xidmətlərinə görə ulu öndər Heydər Əliyev tərəfindən “Şöhrət” ordeninə layiq görülən bəstəkar xüsusilə irihəcmli, monumental musiqi janrlarında əsərlər yazıb. Bir sözlə, o, baletdən başqa bütün musiqi janrlarına müraciət edib.

Tədbir konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Azərbaycan Dövlət Mahnı və Rəqs Xorunun iştirakı ilə respublikanın tanınmış ifaçıları R.Mustafayevin əsərlərini səsləndiriblər.

azertag.az