Azərbaycan Meksikada keçirilən beynəlxalq sərgidə təmsil olunub
25.11.2016

Meksikanın Verakruz ştatının paytaxtı Xalapa şəhərində V beynəlxalq-regional elmi, bədii və sənətkarlıq sərgisi açılıb. Azərbaycanın Meksikadakı səfirliyinin müvəqqəti işlər vəkili Mehriban Səmədova və Türkiyənin bu ölkədəki səfiri Mustafa Oğuz Demiralp sərginin açılışında iştirak ediblər.

Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib ki, tədbirdə səfir Mustafa Oğuz Demiralp ölkəsi barədə məruzə ilə çıxış edib.

Müvəqqəti işlər vəkili Mehriban Səmədova çıxışında ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti barədə geniş məlumat verib, bu kimi tədbirlərin müasir qloballaşma dövründə ölkələr arasında informasiya və fikir mübadiləsinin aparılması, tərəflərin bir-birini kənar təsirlərin müdaxiləsi olmadan daha yaxından tanıması üçün körpü olduğunu diqqətə çatdırıb. O, Avropa və Asiya qitələri arasında körpü rolunu oynayan ölkəmizin Latın Amerikası regionu ilə son illərdə əməkdaşlığının xüsusilə məhsuldar olduğunu vurğulayıb.

M.Səmədova Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və onun Şərqin ilk demokratik respublikası kimi dünya dövlətçilik və demokratiya tarixinə töhfələrindən bəhs edib. Bildirilib ki, qısa zaman ərzində mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq ictimaiyyət tərəfindən tanınıb və demokratik təsisatların, o cümlədən parlament və çoxpartiyalı hökumətin yaradılmasına nail olub.

Diplomat ulu öndər Heydər Əliyevin istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik edərkən ölkədə əldə olunan nailiyyətlərdən, Ümummilli Liderin dövlət quruculuğunda əvəzsiz xidmətlərindən danışıb. O, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. M.Səmədova, həmçinin Azərbaycanda mövcud olan tolerantlıq mühitindən danışaraq bildirib ki, respublikamız minilliklər boyu müxtəlif xalqların azad, sərbəst və heç bir maneə ilə rastlaşmadan yaşadığı ölkədir. Azərbaycanda bütün dinlərin nümayəndələrinin hüquqlarının qorunması və təmin edilməsi sahəsində çox ciddi addımlar atılıb. Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında Sərəncamı ölkəmizdə multikultural və tolerant mühitə münasibətin real ifadəsidir.

Diplomat, eyni zamanda, ölkəmizin neft və qaz emalı tarixi, enerji siyasəti, “Əsrin müqaviləsi”, habelə enerji sektorunda həyata keçirilən beynəlxalq əməkdaşlıq layihələri, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, infrastruktur layihələrinin icrası, qeyri-neft sektorunun inkişafı və bu sektora dövlət dəstəyi, informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətlər barədə də məlumat verib.

Sonra slayd-prezentasiya ilə çıxış edən səfirliyin III katibi Vüsal Ələkbərli Azərbaycanın turizm imkanları, təbiəti, zəngin mədəniyyəti haqqında ətraflı məlumat verib. O, Azərbaycanın qlobal əhəmiyyətli nəqliyyat və infrastruktur layihələri həyata keçirdiyini, mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Səfər çərçivəsində Xalapa şəhəri bələdiyyəsinin sədri Ameriko Zunyiqa Martinez, eləcə də Verakruz Universitetinin nümayəndələri, Meksikanın “ProMexico” Ticarətin və İnvestisiyaların Təşviqi Agentliyinin nümayəndəsi Luis Manuel Kuevas Padiya, Xalapalı İş Adamları Şurasının sədri Luis Palasios Macedo, “Nuestro Municipio” İctimai Birliyinin sədri Nikanor Moreira Ruiz və Xalapa Şəhər Ticarət Palatasının sədri Xerardo Libreros Kobos ilə görüşlər keçirilib.

Görüşlərdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişaf etdirilməsi üçün qarşılıqlı marağın olmasının və ticarət dövriyyəsinin artırılmasının, iqtisadiyyat, təhsil sahələrində əməkdaşlıq imkanlarının araşdırılmasının əhəmiyyəti vurğulanıb.

Tədbir çərçivəsində V.Ələkbərli “Al Calor Politico” qəzetinə müsahibə verib. O bildirib ki, Azərbaycan Meksika ilə müxtəlif sahələrdə, xüsusilə turizm və iqtisadi sahələrdə əməkdaşlığa maraq göstərir.

azertag.az