Məktəblərdə yol təhlükəsizliyi pasportunun yaradılması layihəsinin yekunları müzakirə edilib
25.11.2016

Noyabrın 24–də “Həyat” Humanitar Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Yol təhlükəsizliyi pasportunun yaradılması vasitəsilə məktəb icmasının yollarda davranış qaydalarının təkmilləşdirilməsi” layihəsinin yekunları ilə bağlı mətbuat konfransı keçirilib.

Mətbuat konfransında “Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov layihə çərçivəsində Bakının on rayonunun ərazisində yerləşən on məktəbin hədəf kimi seçildiyini bildirib. Qeyd edib ki, həmin məktəblərin ətrafında monitorinq aparıldıqdan sonra onların yol təhlükəsizliyi pasportunun sxematik versiyası yaradılıb. Layihə çərçivəsində həmin təhsil müəssisələrində məlumatlandırma tədbirləri də təşkil olunub. Tədbirlərdə ümumilikdə beş minə yaxın şəxs yol təhlükəsizliyi ilə bağlı məlumatlandırılıb.

Qeyd olunub ki, İctimai Birlik ilkin mərhələdə Bakıda, növbəti mərhələdə isə Azərbaycanın digər böyük şəhərlərində orta məktəblər üçün yol təhlükəsizliyi pasportunun yaradılması proqramı üzərində işləyir. Birlik yaxın müddətdə müvafiq icra qurumları qarşısında yeni təkliflərlə çıxış etməyi planlaşdırır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, “Yol təhlükəsizliyi pasportunun yaradılmasına dair metodik tövsiyə” bu sahədə yenilikdir və onun tətbiqi mühüm əhəmiyyət daşıyır. Son illər yol təhlükəsizliyi ilə bağlı tədbirlərin sayının artdığını vurğulayan V.Əsədov diqqətə çatdırıb ki, respublika üzrə qeydə alınan yol-nəqliyyat hadisələrinin azalması bu sahədə həyata keçirilən təbliğat işlərinin sayəsində baş verib.

“Yol təhlükəsizliyi pasportunun yaradılması vasitəsilə məktəb icmasının yollarda davranış qaydalarının təkmilləşdirilməsi” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırılıb.

azertag.az