Bakıda “Sərhədləri aşaraq uşaqları qoruyaq” mövzusunda Beynəlxalq konfrans keçirilmişdir
30.9.2011

Sentyabrın 29-da Respublika Uşaq Təşkilatının “Don’t kill children” kampaniyası və ABŞ-ın Children Uniting Nations təşkilatının “Keeping promise to our children” layihəsi çərçivəsində “Sərhədləri aşaraq uşaqları qoruyaq” mövzusunda Beynəlxalq konfrans keçirilmişdir.
Respublika Uşaq Təşkilatının sədri, Milli Məclisin deputatı Gülər Əhmədova tədbiri açaraq, bildirmişdir ki, valideyn himayəsindən məhrum olmuş azyaşlılar daim dövlətin diqqət mərkəzindədir. Bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın gördüyü işlər təqdirəlayiqdir.
Konfransda ABŞ-ın “Children Uniting Nations” təşkilatının rəhbəri, ictimai-siyasi xadim, yazıçı xanım Daphna Edvards Ziman təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat vermişdir. O, “Gray Zone” kitabının yaranma səbəblərindən danışmışdır.
Daha sonra tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində çəkilmiş klip nümayiş etdirilmişdir.
Tədbirin sonunda Respublika Uşaq Təşkilatı (Azərbaycan) və Children Uniting Nations (ABŞ) arasında qarşılıqlı əməkdaşlığa dair niyyət müqaviləsi imzalanmışdır.