Azərbaycan Turizm və Menecment Universitetində fransız dili və fransaşünaslıq kursları açılacaq
25.11.2016

Noyabrın 24-də Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Azərbaycandakı Fransız İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Universitetdən bildiriblər ki, sənədə əsasən Azərbaycandakı Fransız İnstitutunun dəstəyi ilə ATMU-nun tələbələri üçün fransız dili və fransaşünaslıq kursları açılacaq.

Fransanın ölkəmizdəki səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri, Azərbaycandakı Fransız İnstitutunun direktoru Yohan Şiterer və təhsil əlaqələri üzrə məsul şəxs Batist Minyo ilə keçirilən görüşdə ATMU-nun rektoru səlahiyyətlərini icra edən Eldar Aslanov qonaqlara universitetin fəaliyyəti barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, universitet fəaliyyətə başladığı vaxtdan dünyanın nüfuzlu ali məktəbləri ilə əlaqələrin qurulmasında maraqlıdır. Fransanın yüzillik turizm təcrübəsindən faydalanmağın əhəmiyyətli olacağına əminliyini bildirən rektor hazırda bu ali təhsil ocağının 10-dək tələbəsinin Fransanın ölkəmizdəki səfirliyinin və Azərbaycandakı Fransız İnstitutunun dəstəyi ilə fransız dili kurslarına qatıldığını xüsusi vurğulayıb.

Y.Şiterer Azərbaycanın artıq dünyada turizm məkanı kimi tanındığını diqqətə çatdırıb. O, ATMU-nun tələbələrinin fransız dilini öyrənmələri üçün hər cür şəraitin yaradılmasına hazır olduqlarını deyib. Qeyd edilib ki, imzalanan müqavilə ölkələrimiz arasında təhsil əlaqələrinin inkişafına mühüm töhfəsini verəcək.

azertag.az