Valideyn himayəsindən məhrum gənclər üçün daha bir yaşayış binası istifadəyə veriləcək
25.11.2016

Azərbaycanda dövlət uşaq müəssisələrinin hər iki valideynini itirən və valideyn himayəsindən məhrum olan məzunları mənzillərlə təmin edilirlər.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Rusiya Federasiyasının Sosial Sığorta Fondunun nümayəndə heyəti ilə görüşü zamanı deyib.

S.Müslümov bildirib ki, hazırda dövlət uşaq müəssisələrində valideynlərini itirən və valideyn himayəsindən məhrum olan 9,8 mindən çox uşaq dövlət himayəsində yaşayır. Lakin ötən ilə qədər həmin müəssisələri tərk etmiş məzunların müvafiq yaşayış yeri ilə təminatında bir sıra problemlər var idi. Bu məqsədlə ötən ilin noyabr ayında paytaxtın yaxınlığında 13 mərtəbəli, 120 mənzilli “Məzun evi” inşa edilərək həmin kateqoriyadan olan gənclərin istifadəsinə verildi. Yaxın zamanda isə 120 mənzilli daha bir yaşayış binası bu təbəqədən olan gənclərin istifadəsinə veriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin “Məzun evi” Sosial Müəssisəsi kimi fəaliyyət göstərən bu yaşayış binasına köçürülən hər məzuna lazımi məişət avadanlıqları ilə təmin olunmuş bir mənzil təqdim edilib. Gənclərin çoxu elə müəssisənin nəzdindəki kafedə, bərbərxanada, marketdə, stolüstü oyunlar və internet zallarında, camaşırxanada işlə təmin olunublar.

azertag.az