Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi “Gözdən əlillər üçün səsli kitabxana” (“GƏSK”) yaradır. Artıq 100-dən artıq kitab peşəkar səviyyədə səsləndirilərək kitabxana fonduna daxil edilib. Xüsusi telefon xidməti vasitəsi ilə (15 41) kitabxana 24 saat ərzində avtomatik rejimdə fəaliyyət göstərəcək.
Nazirlikdən daxil olan məlumata görə, fiziki imkanları məhdud olan insanları müxtəlif janr və üslublarda audio kitablarla təmin etmək üçün kitabxanada müxtəlif audio-kitablar toplanıb. Audio-kitabxana klassik və müasir Azərbaycan yazıçılarının əsərlərini Azərbaycan dilində və dünya klassiklərinin Azərbaycan dilinə tərcümə olunmuş əsərlərini özündə ehtiva edir.
Təqdim olunan audio-kitabxananın unikallığı ondan ibarətdir ki, görmə qabiliyyəti məhdud olan insanlar üçün Azərbaycan dilində "danışan" kitab fondu formalaşacaq. İstifadəçilər giriş kodu əldə edərək evdən çıxmadan, müvafiq telefon nömrəsini yığmaqla, yeni sistemə qoşula biləcək.
Sistemə qoşulmaq, janrı, yazıçını, əsərləri seçmək və qulaq asmaq üçün giriş kodunu qeyd etmək vacibdir. İstənilən vaxt dinləməni dayandırmaq və bir müddət sonra dayandırılmış yerdən dinləməyə davam etmək mümkündür.
Gələcəkdə digər dillərdə də yeni kitabların bu kitabxanaya əlavə olunması nəzərdə tutulur.
Qeyd edək ki, “Bakutel-2016” informasiya-kommuniksiya texnologiyaları sərgi-konfransı çərçivəsində kitabxananın ilkin təqdimatı gözlənilir.
report.az