Noyabrın 28-də Azərbaycan Teatr Xadimləri İttifaqında Xalq Artisti Mərziyyə Davudovanın 115 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək.
İttifaqdan bildirilib ki, respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə baş tutacaq konfransda unudulmaz aktrisanın həyat və yaradıcılığı, səhnə fəaliyyəti, kino sənətinin inkişafındakı xidmətləri haqqında məruzələr dinləniləcək. Konfrans çərçivəsində aktrisanın rol aldığı filmlərdən fraqmentlər də təqdim olunacaq.
Qeyd edək ki, Mərziyyə Davudova 1901-ci il noyabrın 25-də Rusiyanın Həştərxan şəhərində anadan olub. Geniş yaradıcılıq diapazonuna malik olan xanım sənətkar Azərbaycan kinosunun inkişafında əvəzolunmaz xidmətlər göstərib. O, “Hacı Qara”, “Bir ailə”, “Bakının işıqları”, “Bir məhəllədən iki nəfər”, “Koroğlu” və digər onlarla ekran əsərlərində yaddaqalan obrazlar yaradıb. 1956-cı ildən ömrünün sonuna kimi Azərbaycan Teatr Cəmiyyətinə (Teatr Xadimləri İttifaqı) rəhbərlik edən Mərziyyə xanım Davudova 1962-ci il yanvarın 6-da Bakıda vəfat edib.
azertag.az