Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Azərbaycan Universiteti və “Hədəf” kurslarının birgə təşkilatçılığı ilə dekabrın 11-də VII “Fənlərin dostluğu” olimpiadası keçiriləcək.
“Hədəf” nəşrləri tərəfindən təsis edilən bu olimpiada 2010-cu ildən etibarən hər il 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil olunur.
“Hədəf” nəşrlərindən bildirilib ki, layihənin məqsədi fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində onlara stimul yaratmaqdır.
“Fənlərin dostluğu” olimpiadası Bakı, Sumqayıt və Xırdalan şəhərlərində, eləcə də respublikamızın digər bölgələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9 və 10-cu sinif şagirdləri arasında keçiriləcək. Bir mərhələdə keçirilməsi nəzərdə tutulan olimpiadada şagirdlər 2 saat müddətində 50 sualı cavablandıracaqlar.
Olimpiadada şagirdlərin iştirakı ödənişsizdir. Şagirdlər olimpiadanın rəsmi elektron ünvanından (www.inteqrasiya.az) qeydiyyatdan keçməklə bilik yarışmasında iştirak edə biləcəklər.
“Fənlərin dostluğu” olimpiadasında iştirak edəcək şagirdlər və onların təhsil aldığı məktəblər qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
azertag.az