Norveç Krallığının Vəliəhdi Hookon İçərişəhərlə tanış olmuşdur
7.6.2011

Azərbaycanda rəsmi səfərdə olan Norveç Krallığının Vəliəhdi Hookon iyunun 7-də dünya mədəni irs abidələrindən olan İçərişəhərlə tanış olmuşdur.
Gəzinti zamanı qonağa YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələri qorunub saxlanılır.
Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Norveç Krallığının Vəliəhdi Hookon təndir çörəyinə qonaq edilmişdir.
Qonağın gəzintisi Qoşa qala meydanı ilə tanışlıqla davam etdirilmişdir. Onlara meydan və burada yerləşən qədim binaların inşa tarixi barədə məlumat verilmişdir.
Qız qalasının yaxınlığındakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki daş ekspozisiyanın yenidən təşkili işləri Norveç Krallığının Vəliəhdinin marağına səbəb olmuşdur.
Sonra Qız qalasına baxan qonağa Bakının rəmzi sayılan abidənin tarixi barədə məlumat verilmişdir. Bildirilmişdir ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş bu abidə XII əsrdə bərpa olunmuşdur. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan qala silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Daha sonra Cümə məscidi və burada aparılmış təmir-bərpa işləri barədə ətraflı məlumat verilmişdir.
Gəzinti zamanı Norveç Krallığının Vəliəhdi “Kiçik Karvansara” abidəsində yerləşən Azərbaycan təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – “İncəsənət Bağı”nda olmuşdur.
Qonağa XI əsrdə inşa edilmiş Məhəmməd məscidi, burada avstriyalı və almaniyalı mütəxəssislər tərəfindən aparılmış bərpa və konservasiya işləri barədə məlumat verilmişdir.
Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan yadigar olaraq qonağa xatirə hədiyyələri təqdim edilmişdir.
Norveç Krallığının Vəliəhdi Hookon İçərişəhərin Fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.