Bakıda "E-ticarət və rəqəmsal gömrük" mövzusunda regional seminar keçirilir
28.11.2016

Bu gün Bakıda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “E-ticarət və rəqəmsal gömrük” mövzusunda regional seminar işə başlayıb. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.
ÜGT-nin təşkil etdiyi və 18 dövlətin gömrük xidməti nümayəndələrinin qatıldığı seminar Koreya Gömrük Əməkdaşlıq Fondu, DGK və ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin dəstəyi ilə keçirilir.
Tədbir gömrük prosedurlarının hazırlanması və qərar qəbuletmə prosesində və əlaqədar informasiya-kommunikasiya texnologiyaları proseslərində iştirak edən gömrük əməkdaşları üçün nəzərdə tutulub.
Qurumun açıqladığı məlumatda deyilir ki, məqsəd sərhədlərarası e-ticarət və gömrük mühitində müasir texnologiyaların istifadəsilə bağlı məsələlərə dair Avropa regionu gömrük idarələrinin mövcud imkanlarını gücləndirmək və bilikləri artırmaqdır.
Dekabrın 1-dək davam edəcək seminarda sərhədlərarası e-ticarət axınından irəli gələn imkanlar və problemlər daha geniş perspektivdən araşdırılacaq, iş təcrübəsi və təşəbbüsləri bölüşüləcək, həmçinin qanuni rüsum və vergilərin səmərəli yığımını, ticarət təchizat zənciri və cəmiyyətin mühafizəsini təmin etməklə qanuni daşınmanın asanlaşdırılması baxımından mümkün həllər müzakirə ediləcək.
Həmçinin, tərəfdaş dövlət qurumları və digər maraqlı tərəflərin iştirakı ilə gömrük mühitində məlumat və kommunikasiya texnologiyalarının tətbiqinin artırılması və gücləndirilməsi baxımından müxtəlif rəqəmsal həllər müzakirə olunacaq.

report.az