Azərbaycan Dövlət Musiqili Teatrı daha bir ilkə imza atıb.
Qurumun mətbuat xidmətindən bildirilib ki, Dövlət Musiqili Teatrı Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi ilə birlikdə yeni layihəyə start verib. Layihəyə əsasən Musiqili Teatrda tamaşalar nümayiş olunan və tədbirlər keçirilən gün hər dəfə tamaşalardan əvvəl və fasilə zamanı teatrın foyesində Bakı şəhərinin müxtəlif musiqi məktəblərinin Prezident təqaüdçüləri olan şagirdləri tamaşaçılara öz ifalarını təqdim edəcəklər. Layihənin icrasına Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, böyük gülüş ustası, Dövlət mükafatı laureatı, Xalq Artisti Nəsibə xanım Zeynalovanın anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsində başlanılıb. Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri Jalə Mayılova və Emil Əhmədzadənin ifaları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Əməkdar Mədəniyyət İşçisi Tamilla Məmmədovanın sinfində təhsil alan Emil Əhmədzadə və Jalə Mayılova Prezident təqaüdçüləridir və adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb.
azertag.az