Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan xalçalarının ölkəsində istehsal edilməsi təklifi ilə çıxış edib.
Belarus prezidenti belə bir təkliflə ötən gün mətbuata bəyantla çıxışında bildirib: "Azərbaycan xalçaları gözəl, yüksək keyfiyyətli xalçalardır. Mən şəxsi təcrübəmdən bunu bilirəm. Prezidentə də dedim ki, nə üçün Belarusda xalça istehsal edilməsin? Prezident dedi ki, biz yun satmağa da hazırıq, Belarusda yun yoxdur. Biz iqlim şəraitinə görə Belarusda bu cür yun istehsal edə bilmirik. Bütün dünyadan yun aldığımız halda Azərbaycandan nə üçün almayaq? Gəlin bu istehsalatı birlikdə yaradaq və siz Belarus bazarı ilə yanaşı, bu cür keyfiyyətli xalça məmulatı istehsal etməyən qonşu dövlətlərin bazarına da çıxış əldə edəcəksiniz".
Belarus prezidenti əlavə edib ki, Azərbaycan çox düzgün olaraq pambıqçılığı inkişaf etdirmək, tütün əkini sahələrini artırmaq və gələcəkdə onu satmaq xətti götürüb: "Tütün sahəsində biz artıq əməkdaşlıq edirik. Belarusda siqaret istehsalı üzrə bizim çox güclü iki şirkətimiz işləyir. Bu, ikrah doğuran istehsalatdır, lakin insanlar nədənsə siqaret çəkir və biz onlara bu cür xidmətlər göstərməyə və bu tələbatı təmin etməyə məcburuq. Biz Azərbaycana istiqamətlənmişik. Biz buradan tütün alırıq, əvəzində isə buraya siqaret göndəririk. Bu halda biz həmin siqaretin yüksək keyfiyyətli olmasına cavabdehik. Ən başlıcası, bu siqaretlər yerli tütündən hazırlanır. Əgər hansısa narazılıq yaransa deyəcəyik ki, bu, sizin tütündür. Ona görə, bu, yaxşı əməkdaşlıq istiqamətidir. Pambıq istehsalının həcminin artımı elə olacaq ki, biz 25-30 min ton, bəlkə də 40 min ton pambıq lifi ala bilərik. Mən İlham Heydər oğluna təklif etdim ki, o, bizim Baranoviçi pambıq parça kombinatı ilə kooperasiyanın mümkünlüyü məsələsini nəzərdən keçirsin. Bu, hələ sovet dövründən qalmış çox böyük kombinatdır. Bizim orada əməkdaşlıq etmək imkanımız var. Əgər Azərbaycan da bu müəssisənin kapitalına daxil olmaq istəsə, biz bunun əleyhinə deyilik. Biz buna da hazırıq".
trend.az