BANM-in yaradılmasının 5 ili tamam oldu
29.11.2016

Bakı Ali Neft Məktəbinin (BANM) yaradılmasının 5 ili tamam oldu. BANM Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə 29 noyabr 2011-ci ildə SOCAR-ın strukturunda yaradılıb. Ali Məktəbin yaradılmasında əsas məqsəd ingilis dilli, müasir biliklərə yiyələnmiş, yüksək ixtisaslı və geniş dünyagörüşlü mütəxəssislərin hazırlanmasıdır.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2012/2013-cü tədris ilində - BANM-in 11 tələbəsi, 2013/2014-cü tədris ilində 15 tələbə, 2014/2015-ci tədris ilində 16 tələbəsi, 2015/2016-cı tədris ilində isə BANM-ə qəbul olan tələbələrin içərisindən 690-700 bal arası yüksək nəticə göstərən tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb. 2015/2016-cı tədris ilində TQDK-nın ali məktəblərə keçirdiyi qəbulda Bakı Ali Neft Məktəbi üzrə ümumi minimal bal 659, ümumi orta bal isə 676 olub. Bu nəticə respublika üzrə ən yüksək nəticədir. I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 7 tələbədən 3-ü Bakı Ali Neft Məktəbinə qəbul olub.

2016/2017-cı tədris ilində ali məktəblərə I ixtisas qrupu üzrə keçirilən qəbulda respublika üzrə ən yüksək nəticə göstərən - 700 bal toplayan 2 tələbə Bakı Ali Neft Məktəbinə qəbul olub. BANM-in tələbə qəbulu üzrə ümumi statistik göstəricilərinə görə, 2016/2017-cı tədris ilində ümumi orta bal 667 bal, maksimal bal 700 bal olub. Məlumat üçün bildirək ki, yeni tədris ilində BANM-də 135 nəfər tələbə qəbulu planı olub. Bu tədris ilində də BANM-in 17 tələbəsi Prezident təqaüdünə layiq görülüb.

Ümumilikdə, 5 il ərzində BANM-in tələbələri sırasında 76 nəfər Prezident təqaüdçüsü var
Yaxın dövrdə Qafqaz regionunun ən böyük kampusu olacaq BANM-in yeni kampusu istifadəyə veriləcək. BANM Azərbaycanda ali təhsil müəssisələri içərisində yeganə Ali Məktəbdir ki, İSO Beynəlxalq standartlarının üç modulu üzrə sertifikata sahib olaraq, ISO 9001 - Keyfiyyət idarəetmə sistemi, ISO 14001- Ekologiya idarəetmə sistemləri və OHSAS 18001-Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemləri üzrə beynəlxalq sertifikatlarını almışdır.

BANM-in 5 illik fəaliyyəti dövründə qazandığı uğurlar, ödənişsiz təhsil, yüksək keyfiyyətli ingilis dilli mütəxəssis hazırlığında tətbiq olunan müasir proqramlar və mütərəqqi texnologiyalar, dünyanın bir sıra nüfuzlu ali məktəbləri və transmilli şirkətləri ilə əməkdaşlıq əlaqələrinin qurulması, mühəndis kadrların hazırlanmasında nəzəri biliklərin Azərbaycanda fəaliyyət göstərən transmilli və xarici şirkətlərdə təcrübənin təşkil olunması ilə vəhdətinin təmin olunması, tədrisin ingilis dilli peşəkar müəllimlər tərəfindən aparılması, nəinki təhsil həyatının, həmçinin tələbələrin ictimai həyatının səmərəli təşkil olunması üçün yaradılan şərait və imkanlar, müasir laboratoriyalar BANM-ə Azərbaycanın ən nüfuzlu və lider ali məktəb statusunu qazandırıb. BANM abituriyentlərin və onların valideynlərinin ən etibar edəcəyi ali məktəblərdən birinə çevrilib.

trend