Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “EE-KEY-AZ sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsinə başlanılıb.
UNEC-dən bildirilib ki, dörd il davam edəcək layihə Almaniyanın Siegen Universitetinin tərəfdaşlığı və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) baş ofisinin maliyyə dəstəyi ilə reallaşdırılır.
Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov universitetlər arasında əlaqələrin davamlı inkişaf etdiyini, müəllim-tələbə mübadiləsinin həyata keçirildiyini bildirib. UNEC-lə Siegen Universiteti arasında yay və qış məktəbinin uğurlu təşkilindən söz açan rektor, layihənin hər iki universitet arasında yeni bir mərhələnin başlanğıcı olduğunu vurğulayıb. Rektor layihənin Azərbaycanda sahibkarlıq və biznes təhsilinin təkmilləşdirilməsi sahəsində mühüm rol oynayacağını bildirib.
DAAD-ın Bakıdakı Məlumat Mərkəzinin rəhbəri xanım Ştefani Düfo layihənin Almaniya və Azərbaycan ali təhsil sistemini bir-birinə yaxınlaşdıracağını qeyd edib.
Siegen Universiteti rektorunun beynəlxalq strateji əməkdaşlıq üzrə müşaviri Ulrix Eberdhat hər iki ali təhsil müəssisəsi arasındakı əməkdaşlığın tarixindən danışıb. Layihənin universitetlər arasında faydalı əməkdaşlığın məntiqi nəticəsi olduğu vurğulanıb.
Siegen Universitetinin departament rəhbəri, professor Petra layihənin reallaşdırılması və maliyyələşdirilməsi mexanizmi barədə məlumat verib.
Tələbələrin layihə ilə bağlı sualları cavablandırılıb.
Sonda Siegen Universitetinin qış məktəbində təhsil alan UNEC tələbələrinə sertifikatlar təqdim olunub.
azertag.az