Prezident İlham Əliyev “BakuTel-2016” sərgisi ilə tanış olub
30.11.2016

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 30-da XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi - “Bakutel-2016” ilə tanış olub.
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlət başçısına və xanımına sərgi barədə məlumat verib.
Bildirilib ki, sərgidə dünyanın 18 ölkəsindən 200 şirkət iştirak edir. Builki sərgidə 9 ölkə - Avstriya, Belarus, İran, İtaliya, Fransa, Niderland Krallığı, Sloveniya, Türkiyə və Xorvatiya mili stendlərdə öz ölkələrinin aparıcı şirkətləri ilə yanaşı, həm Azərbaycan, həm də bütün Xəzəryanı region üçün innovativ layihələri, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edir.
İştirakçıların 40 faizi “Bakutel” sərgisinin daimi eksponentləridir. Sərgi iştirakçıları arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribüterləri var. Ənənəvi olaraq, sərgidə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə iştirak edən bir sıra ölkələrin milli stendləri təqdim olunur. Nazirliyin pavilyonunda rabitə, poçt, “elektron hökumət” sahələrində həyata keçirilmiş yeni layihələr nümayiş etdirilir.
Regionun ən böyük tədbirlərindən biri olan “Bakutel” sərgisi 20 ildən artıqdır ki, hər il telekommunikasiya bazarının aparıcı iştirakçılarını öz platformasında bir araya toplayır.
Beynəlxalq Telekommunikasiya İttifaqı kimi mötəbər təşkilatın dəstəyi, eləcə də Dünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən sərgiyə verilmiş keyfiyyət nişanı “Bakutel” sərgisinin beynəlxalq nüfuzunu bir daha təsdiq edir.
Dörd gün davam edəcək sərgi çərçivəsində “Gözdən əlil uşaqlar üçün səsli kitabxana”, “Muzeylərin rəqəmləşdirilməsi”, “Google art project” layihələrinin təqdimatı, startapların geniş iştirakı baş tutacaq.
Dövlət başçısı və xanımı sərginin pavilyonları ilə yaxından tanış olublar.

report.az