İspaniya Aviatorlar Assosiasiyasının üzvü: Gəncədə həmvətənlərimin xatirəsinin əziz tutulması məni çox təsirləndirdi
30.11.2016

Anam Klara Maksimovna Rozen-Norendorf 1930-cu illərdə Gəncə təyyarəçilik məktəbində tərcüməçi işləyib. O zamanlar onun 16 yaşı var idi. Həyatının ən gənc və gözəl illərini Gəncədə yaşayıb. Anam Azərbaycandan söz düşəndə həmişə kövrələr və bildiklərini bizə xüsusi məhəbbətlə danışardı.

Bu sözləri müsahibəsində 1936-1939-cu illərdə Gəncədə hərbi təyyarəçilik məktəbində təhsil alan ispan əsilli pilotların xatirə muzeyinin açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn İspaniya Aviatorlar Assosiasiyasının üzvü Nelıda Martinez Fıerros bildirib.

O deyib: “Çox sevinirəm. Çünki uşaqlığımda xəyallarımda canlandırdığım bir şəhərə - Gəncəyə gəlmişəm. Anam Azərbaycanı, bu diyarın sakinlərini tez-tez xatırlayardı. Bizə Azərbaycan haqqında o qədər xoş sözlər danışırdı ki, onun sayəsində mən bu ölkəni ikinci vətənim hesab edirəm. İndi də mən nəvələrimə vaxtilə anamdan eşitdiyim ən gözəl xatirələri danışıram. Dövlətinizə, Prezidentinizə minnətdarlığımı bildirirəm. Gəncədə həmvətənlərimin xatirəsinin belə uca tutulması məni çox təsirləndirdi. Buna görə çox sağ olun”.

azertag.az