“Azərbaycan Startup” festivalı gənclərin maraqlı ideya və təklifləri ilə yadda qalıb
1.12.2016

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və “ASAN könüllüləri”nin birgə təşkilatçılığı ilə Gəncədə keçirilən “Azərbaycan Startup” festivalının bağlanış mərasimi olub.

Festivalda ABŞ, Rusiya, Belarus, Türkiyə, Azərbaycan, Qazaxıstan, Litva, Sloveniya, Moldova və Misirdən olan gənclər biznes, sosial və innovasiya xidmətləri üzrə yeni layihələrini təqdim ediblər.

Mərasimdə çıxış edən “ASAN könüllüləri” Gənclər Təşkilatının sədri Bəxtiyar İslamov bildirib ki, “Azərbaycan Startup” festivalı ölkədə ilk dəfə keçirilsə də, könüllülər tərəfindən maraqla qarşılanıb. Layihədə qazanılan təcrübəni inkişaf etdirmək və gələcəkdə yeni ideyalarla zənginləşdirmək üçün təşkilatçılar festivalın gələn il də keçirilməsini nəzərdə tutublar.

Məlumat verilib ki, festivalda təqdim olunan 3 ən yaxşı layihəyə görə ideya müəllifləri “ASAN könüllüləri” Gənclər Təşkilatının dəstəyi ilə 2017-ci ildə xarici ölkələrdə keçirilən startup festivallarında iştirak edəcəklər.

“ASAN xidmət”in insan resursları şöbəsi direktorunun müavini Cahangir Hacıyev isə deyib ki, “ASAN könüllüləri” icra etdiyi yeni layihə ilə könüllü gənclərlə yanaşı, dövlət və özəl qurumlarının da birgə iştirakına nail olub. Festival ölkədə ilk dəfə keçirilsə də, gənclər tərəfindən maraqlı ideya və təkliflərlə yadda qalıb.

İqtisadiyyat Nazirliyinin nümayəndəsi Arzu Hacıyev çıxışında regionlarda gənclərə yaradılan şəraitdən və sahibkarlığın inkişafı üçün icra olunan layihələrdən danışıb.

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov isə qeyd edib ki, “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində indiyə qədər 250 yerli və beynəlxalq proqram icra edilib. Məhz Gəncədə icrasına başlanılan “Azərbaycan Startup” festivalı da bu layihə çərçivəsində reallaşıb. Sonra festivalda iştirak edən könüllü gənclərə və təlimçilərə sertifikatlar təqdim olunub, qaliblər mükafatlandırılıb. Qaydalara əsasən, hər birində iki nəfər olmaqla 20 komandanın təqdim etdiyi layihələr içərisində ABŞ birinci, Azərbaycan ikinci, Litva təmsilçisi isə üçüncü yerə layiq görülüb.

azertag.az