Lənkəran Dövlət Universitetində açılan yeni aqrar və mühəndislik fakültəsi cənub bölgəsini kənd təsərrüfatı sahəsində çalışan kadrlarla təmin edəcək.
Yeni açılan fakültədə aqronomluq, torpaqşünaslıq və aqrokimya, baytarlıq və meşəçilik ixtisasları üzrə kadr hazırlığına başlanılıb. Artıq bu ixtisaslar üzrə ali təhsil müəssisəsinə 24 tələbə qəbul olunub. Onlar dövlət sifarişi ilə təhsil alırlar. Universitetin həyətində tələbələrin nəzəri biliklərini sınaqdan keçirmək məqsədilə kiçik təcrübə sahələri də yaradılıb.
Universitetin baytarlıq ixtisası üzrə təhsil alan tələbələri üçün təcrübə keçmək imkanı yaradılıb. Bunun üçün rayonda fəaliyyət göstərən fermer təsərrüfatları ilə müqavilələr bağlanılıb.
Lənkəran Dövlət Universitetində kadr hazırlığı üçün beynəlxalq əlaqələrə də xüsusi diqqət yetirilir. Ali təhsil ocağının dünyanın bir çox aqrar universitetləri ilə əməkdaşlıq əlaqələri və təcrübə mübadiləsi var.
Universitetdə zootexnik, aqromühəndislik və balıqçılıq ixtisasları üzrə də kadrların hazırlanması nəzərdə tutulub.
azertag.az