“Gələcəyini qur” Gəncliyə Dəstək Layihəsinin üçüncü ilinə başlanılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildiriblər ki, layihənin əsas məqsədi aztəminatlı ailələrdən olan potensiallı şagirdlərin seçilib ali məktəblərə qəbul olunmasına və onların hərtərəfli fərdi inkişafına dəstək verməkdir. Layihə şagirdlərin ailələrinin sosial vəziyyəti, onların oxumaq həvəsi, bilik və potensialı kimi üç meyar əsasında həyata keçirilir.
Layihənin üçüncü ilində beşmərhələli seçim nəticəsində Bakının Binəqədi, Xətai, Suraxanı, Qaradağ rayonları üzrə 170 məktəbdən 2.800-dən çox şagird müraciət edib. Onlardan 155-i layihənin iştirakçısı adını qazanıb.
Layihə çərçivəsində seçilmiş gənclərə bir il ərzində ali məktəblərə qəbul üçün intensiv hazırlığa kömək göstəriləcək. Həmçinin müxtəlif təlimlərin, görüşlərin və digər tədbirlərin keçirilməsi ilə gənclərdə elmə rəğbət, yaradıcı təfəkkür, dünyagörüşü və müvafiq dəyərlərin formalaşmasına dəstək veriləcək.
Qeyd edək ki, layihə korporativ sosial məsuliyyət siyasəti çərçivəsində “İTECA Caspian”, “EY”, “Kainat TM”, “Caspian Event Organisers” şirkətlərinin sponsorluğu, Təhsil Nazirliyi və BŞTİ-nin dəstəyi ilə həyata keçirilir. Layihənin tərəfdaşları “ADA” Universiteti, “Azərbaycan” Universiteti və Yüksək Texnologiyalar Parkı, icraçısı isə “Legacy CSR Consulting and Management” şirkətidir.
azertag.az