Noyabrın 30-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “Torpaq uğrunda ölən varsa Vətəndir!” adlı layihənin yekun tədbir-sərgisi keçirilib.
Əvvəlcə sərgiyə baxış olub, milli qəhrəmanlar haqqında videoçarx nümayiş etdirilib.
Muzeyin direktoru Fəridə Şəmsi bildirib ki, Azərbaycanın azadlığı uğrunda canlarından keçən milli qəhrəmanların xatirəsini anmaq məqsədilə 2016-cı ildən “Torpaq uğrunda ölən varsa Vətəndir!” adlı layihəyə start verilib. Layihə çərçivəsində muzey Bakıda yerləşən bir sıra məktəblərdə, hərbi hissələrdə milli qəhrəmanların, onların ailə üzvlərinin iştirakı ilə sərgi-tədbirlər keçirib, onların həyat və fəaliyyətini əks etdirən sənədli filmlər nümayiş etdirib.
Sonra tədbir iştirakçıları Salatın Əsgərova, İsgəndər Aznaurov, Ələkbər Əliyev, Eldar Tağızadə, Əfqan Hüseynov, Ələsgər Novruzov, Hikmət Nəzərli, Məzahir Rüstəmov, Gültəkin Əsgərova və digər milli qəhrəmanların şəxsi əşyalarının nümayiş olunduğu sərgi ilə tanış olublar.
Sərgi-tədbirdə milli qəhrəmanların ailə üzvləri və dostları, Milli Qvardiyanın əsgərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
azertag.az