Dekabrın 1-də Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək V Beynəlxalq Mədəniyyət Forumunda ölkəmiz də təmsil olunacaq. Belə ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının bədii rəhbəri, Xalq Artisti Kamilla Hüseynova forumun “Balet və rəqs” bölməsində iştirak edəcək.
Teatrın mətbuat xidmətindən bildirilib ki, MDB-nin yaradılmasının 25 illiyinə həsr olunmuş tədbirdə quruma daxil olan ölkələrin milli balet truppalarının bədii rəhbərləri öz ölkələrində xoreoqrafiya sənətinin inkişaf təcrübələrini bölüşəcəklər.
Dekabrın 3-dək davam edəcək tədbirdə aktrisamız müstəqillik illərində Azərbaycanda balet sənətinin inkişafı sahəsində görülən işlər və qazanılan nailiyyətlər mövzusunda məruzə ilə çıxış edəcək.
azertag.az