Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2013-cü ildən etibarən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin hər ay şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir. Ötən müddətdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də yerlərdə 40-dan çox belə görüş keçirib.
Nazirlikdən bildirilib ki, noyabrın 30-da Ə.Qarayev Bərdə şəhərində Yeni Azərbaycan Partiyasının binasında Mingəçevir, Yevlax şəhərləri, Ağcabədi, Bərdə, Goranboy, Tərtər, Ağdam, Xocalı və Laçın rayonlarından olan vətəndaşları qəbul edib.
Görüşdən əvvəl nazir ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoyaraq, xatirəsini ehtiramla yad edib.
Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı müraciətlər səslənib.
Bərdə sakinlərinin müraciətləri uşaq incəsənət məktəbində keramika və qədim türk el sənəti olan ebru sənətinin inkişafına dəstək verilməsi, rayon ərazisindəki XVIII-XIX əsrlərə aid tarixi tikililərdə təmir-bərpa işlərinin aparılması barədə olub.
Tərtər rayonundan qəbula yazılan vətəndaşlar Borsunlu kurqanlarında aparılmış arxeoloji qazıntılar nəticəsində aşkar olunmuş eksponatların tarix-diyarşünaslıq muzeyinə verilməsi, rayon ərazisində ermənilər tərəfindən dağıdılmış tarixi abidələrin fotosərgisinin gələn il Bakıda keçiriləcək İslam Həmrəylik Oyunları zamanı nümayiş olunması və digər məsələlər barədə xahiş ediblər.
Qəbulda Mingəçevir şəhərində açıq səma altında muzeyin yaradılmasına köməklik göstərilməsi, Yevlax şəhəri 1 nömrəli Uşaq musiqi məktəbinin Uşaq incəsənət məktəbinə çevrilməsinə dəstək verilməsi ilə bağlı müraciətlər də olub.
Goranboydan qəbula gələnlər tərəfindən turizm üçün imkanları nəzərə alınaraq Yuxarı-Ağcakənd-Buzluq-Todan kəndarası yolun bərpa olunması, Kəpəz dağındakı “Buz mağarası” abidəsinin dövlət qeydiyyatına alınması, rayon sakini olan xalçaçı rəssamın əl işlərinin Bakıda sərgisinin təşkil edilməsi barədə xahişlər diqqətə çatdırılıb.
Ağcabədi rayonu ərazisindəki arxeoloji abidələrdə tədqiqat işlərinin genişləndirilməsi və toplanmış əşyaların tarix-diyarşünaslıq muzeyinə verilməsi barədə də müraciət olub.
Ağdam sakinləri “Qarabağ uşaqların gözü ilə” adlı rəsm sərgisinin hazırlanıb Bakı şəhərində və bölgələrdə nümayiş olunmasına köməklik göstərilməsi, Xocalıdan məcburi köçkünlər isə musiqi məktəbində ustad dərslərinin keçirilməsi, musiqi məktəblərinə musiqi alətlərinin verilməsini xahiş ediblər.
Laçın rayonundan məcburi köçkün olan vətəndaşlar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitab fonduna aqrar və iqtisadiyyat sahələrinə aid ədəbiyyatların verilməsi, tarix-diyarşünaslıq muzeyinin fəaliyyətini yaxşılaşdırmaq üçün münasib binanın ayrılması və digər məsələləri qaldırıblar.
Qəbula gələn bütün vətəndaşları dinləyən Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.
Nazir jurnalistlərə müsahibəsində bildirib ki, ölkə başçısının tapşırığı ilə hər ay yerlərdə təşkil olunan görüşlər zamanı vətəndaşlar tərəfindən irəli sürülən bütün təklif və təşəbbüslər diqqətlə nəzərdən keçirilir. Belə canlı ünsiyyət bir çox məsələlərin operativ həlli baxımından vacibdir. Budəfəki görüşdə də aktual məsələlərə toxunulduğunu vurğulayan nazir mədəniyyət abidələrinin qorunması və bərpası ilə bağlı müraciətləri xüsusi qeyd edib.
Regionlarda turizmin inkişaf etdirilməsi ilə bağlı təkliflərin də nəzərdən keçiriləcəyini bildirən Əbülfəs Qarayev vətəndaşların təşəbbüskarlığını yüksək dəyərləndirib. Bildirib ki, ölkəmizdə yeni turizm zonalarının yaradılması istiqamətində mühüm işlər görülür. Ölkəmizin bu bölgəsinin də geniş turizm potensialı var və bu zonada turizmin inkişafı üçün işlər davam etdiriləcək.
azertag.az