Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
AzMİU-dan bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru, professor Gülçöhrə Məmmədova mövzunun aktuallığını qeyd edib, ölkəmizdə tarix və mədəniyyət abidələrinin qorunmasına və tədqiqinə xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb. Bildirilib ki, konfransın keçirilməsinin məqsədi elmi ictimaiyyəti Azərbaycan ərazisindəki çoxlu sayda tarixi və mədəni abidənin hazırkı vəziyyəti, tədqiqi, təbliği sahəsində yeniliklərlə tanış etmək, fikir mübadiləsi aparmaqdır. Rektor, eyni zamanda, gənc tədqiqatçılara işğal altında olan torpaqlarımızda ermənilər tərəfindən məhv edilən, dağıdılan memarlıq abidələrimizi araşdırmağı, öyrənməyi tövsiyə edib.
Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri, professor Elbay Qasımzadə elmi-mədəni əhəmiyyət daşıyan tarixi abidələrimizin öyrənilib tədqiq olunduğunu, qədim yaşayış məskənlərində arxeoloji qazıntıların, bərpa və konservasiya işlərinin aparıldığını bildirib. Ermənilərin işğal altında qalan torpaqlarımızda mədəni irsimizi məhv etdiyini xatırladan professor konfransın yekunu olaraq bu istiqamətdə mühüm bir sənədin qəbul olunmasını və beynəlxalq təşkilatlara göndərilməsini təklif edib.
Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti rəisinin müavini Zöhrab Pirimov son illər respublikamızda tarixi və mədəni irsimizin qorunması istiqamətində ciddi işlərin görüldüyünü diqqətə çatdırıb, Azərbaycan dövlətinin xalqımıza məxsus tarixi-mədəni dəyərlərin mühafizəsinə, tədqiqinə, tədrisinə və təbliğinə çox böyük önəm verdiyini vurğulayıb. Onun sözlərinə görə, 200 yüzdən çox abidədə bərpa-konservasiya, 50-dən çox abidədə elmi-tədqiqat işləri aparılıb, beş tarixi ərazidə qoruqlar yaradılıb.
Konfrans məruzələrlə davam etdirilib.
Sonda memarlıq fakültəsi məzunlarının buraxılış işləri müsabiqəsinin qalibləri mükafatlandırılıblar.
azertag.az