Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının əmək, sosial işlər, şəhid və əlillər nazirinin müavini Laluddin Aryubi ilə görüş olub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov Azərbaycanla Əfqanıstan arasında əlaqələrin getdikcə genişləndiyini bildirib. N.Məmmədov respublikamızın inkişaf dinamikasından, sosial rifah səviyyəsinin yüksəlməsinə yönələn məqsədyönlü tədbirlərdən bəhs edib, ölkəmizin sosial müdafiə sistemi barədə məlumat verib. Nazir müavini əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, tibbi-sosial reabilitasiya imkanlarının genişləndirilməsi istiqamətində respublikamızda görülən işləri diqqətə çatdırıb.
Azərbaycanda əmək və sosial müdafiə sistemində informasiya texnologiyalarının geniş tətbiqi işlərindən söz açan N.Məmmədov bildirib ki, bu sistemin bütün sahələrində avtomatlaşdırılmış infrastruktur formalaşdırılıb. Əmək münasibətlərinin rəsmiləşdirilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial yardım və s. sahələr üzrə fəaliyyət göstərən elektron sistemlər həmin sahələrdə idarəetmənin müasir formada, çevik və səmərəli təşkilinə, əhaliyə xidmətlərin məmur-vətəndaş münasibətlərinə ehtiyac qalmadan şəffaf şəraitdə həyata keçirilməsinə imkan verib.
Nazir müavini ölkədə əmək ehtiyatlarından səmərəli istifadə edilməsi, əhalinin məşğulluq imkanlarının artırılması, əmək potensialının keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, aktiv əmək bazarı proqramları barədə məlumat verib. O, dövlət səviyyəsində icra olunan özünüməşğulluq proqramının ölkədə aztəminatlı ailələrin biznes imkanlarına malik olmalarına yönəldiyini diqqətə çatdırıb. N.Məmmədov İslam Əməkdaşlıq Təşkilatının Bakı şəhərində yaradılması nəzərdə tutulan Əmək Mərkəzinin təşkilata üzv ölkələr, o cümlədən Azərbaycanla Əfqanıstan arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində əlaqələrin inkişafına geniş imkan yaradacağını bildirib.
L.Aryubi Azərbaycana həmişə dost münasibəti bəslədiklərini və iki ölkə arasında bütün sahələrdə olduğu kimi, əmək, məşğulluq, sosial müdafiə sahələrində də əlaqələrin inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb. O, qeyd olunan sahələrdə Azərbaycanın uğurlu təcrübə əldə etdiyini, xüsusən elektron texnologiyaların tətbiqində, müasir və şəffaf xidmətlər sisteminin yaradılmasında mühüm nailiyyətlərə malik olduğunu bildirib. Bununla əlaqədar ölkəmizlə təcrübə mübadilələrinin aparılmasına xüsusi önəm verdiklərini qeyd edən L.Aryubi İslam Əməkdaşlıq Təşkilatının Bakıda Əmək Mərkəzinin yaradılmasının ölkəsi tərəfindən də dəstəkləndiyini vurğulayıb.
Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sistemi, o cümlədən Əmək müqaviləsi bildirişi üzrə Elektron İnformasiya Sistemi, Pensiyaların avtomatlaşdırılmış təyinatı sistemi, Fərdi uçot sistemi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi ilə bağlı təqdimatla çıxış edib.
Görüşdə iki ölkə arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.
azertag.az