Turizm və Menecment Universitetində IV İslam Həmrəylik Oyunlarının könüllülük proqramının təqdimatı olub
1.12.2016

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Bakı 2017” IV İslam Həmrəylik Oyunları nəzdində könüllülük proqramının təqdimatı keçirilib.

ATMU-dan bildiriblər ki, bu ali təhsil ocağının rektoru vəzifəsini icra edən Eldar Aslanov tələbələri “Könüllü ol, uğurlu gələcək qur!” devizi altında keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında fəal iştiraka çağırıb. O, “Bakı 2017” IV İslam Həmrəylik Oyunlarında minlərlə könüllünün dil biliklərinə və bacarıqlarına uyğun müxtəlif sahələrdə fəaliyyət göstərməklə yanaşı, təcrübə qazanacaqlarını vurğulayıb.

Tədbirdə IV İslam Həmrəylik Oyunları Əməliyyat Komitəsinin nümayəndələri yarışın tarixi, oyunların keçiriləcəyi məkanlar və könüllü ola bilmənin qaydaları barədə təqdimatla çıxış ediblər. Diqqətə çatdırılıb ki, Bakıda keçirilmiş birinci Avropa Oyunları və “Formula-1” yarışlarından fərqli olaraq IV İslam Həmrəylik Oyunlarında tələbələrlə yanaşı, müəllimlər də könüllülük əsasında fəaliyyət göstərə biləcəklər. Könüllü olmaq istəyənlər üçün qeydiyyat dekabrın sonunadək davam edəcək.

azertag.az