Nazirlər Kabinetinin 2016-cı il 24 noyabr tarixli qərarı ilə “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” yeni redaksiyada təsdiq olunub.
Təhsil Nazirliyindən bildiriblər ki, yeni qaydalara görə, ümumi təhsil pilləsinin ümumi orta təhsil səviyyəsini bitirən məzunlara ümumi orta təhsil haqqında şəhadətnamə deyil, ümumi orta təhsil haqqında attestat (adi və ya fərqlənmə), tam orta təhsil səviyyəsini bitirən məzunlara isə tam orta təhsil haqqında attestat (adi, fərqlənmə və ya xüsusi nümunəli) veriləcək.
Təhsil sənədlərinin forma və məzmununda da müəyyən dəyişikliklər edilib. Belə ki, əvvəlki nümunələrdən fərqli olaraq, attestatlarda təhsil müddətində hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı və təhsilalanın yekun attestasiyasının nəticələri (illik və imtahan) yazılacaq. Bununla yanaşı, tam orta təhsil səviyyəsində təmayül sinifdə təhsil almış şagirdlərin attestatında bitirdiyi sinfin təmayül istiqaməti ayrıca qrafada qeyd olunacaq.
azertag.az