Siqaretlə mübarizəni daha da gücləndirmək istəyən Türkiyə hökumətinin yeni qərarı tütün aludəçilərini məyus edib.
2013-2017-ci illəri əhatə edəcək yeni plan çərçivəsində 15 yaşdan aşağı və hamilə qadınların yaşadığı evlərdə siqaret çəkmək qadağan ediləcək. Planın əsas məqsədi siqaret çəkilən yerləri daraltmaqdır. Hal hazırda Tütünə Nəzarət Milli Komitəsinin mütəxəssisləri plan üzərində işləyirlər.
Bu barədə məlumat verən hökumət rəsmisi professor Nazmi Bilir əsas hədəflərinin cəmiyyətin tütünə qarşı münasibətinin daha da güclənməsi olduğunu bildirib.
Nazmi Bilir bunun üçün siqaret çəkilən sahələri daraltmaq istədiklərini deyib. O, evlər, avtomobillər və açıq məkanların böyük hissəsinin də siqaret qadağası zonasına daxil edilməsinin vacibliyindən danışıb: “Bu məsələdə bəzi ölkələrdə geniş qadağalar tətbiq edilir. Məsələn, özəl avtomobillərdə, 15 yaşdan aşağı və hamilə qadınların yaşadığı evlərdə siqaret çəkilmir”.
Siqaret qadağasının məktəb daxilində və ətrafında tətbiq edilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirən Bilir müəllimlərin də şagirdlər və tələbələr üçün örnək olmasını istəyib.
Hansı ölkələrdə qadağandır?
Avstraliyanın Sidney şəhərindəki məşhur Menli və Bondi kimi çimərliklərində siqaret çəkmək qadağandır. Finlandiya və Estoniya kimi ölkələr də buna bənzər qadağalar tətbiq edir. Nyu Yorkda ictimaiyyətə açıq park, baxça, çimərlik və qələbəlik mərkəzlərdə siqaret çəkməyə icazə verilmir. Açıq məkanlarda siqaret qadağası Çikaqo və Los Ancelesdə də tətbiq edilir.
ANN.Az