Xaçmaz rayonunda payızlıq taxıl səpini yekunlaşmaq üzrədir.
Artıq 24 min hektar sahədə səpin işi başa çatdırılıb. Xaçmazlı təsərrüfatçılar əsasən "Əzəmətli-95", “Qobustan”, “Bezos” sortlarına üstünlük verirlər. Bu növlər rayonun iqlim şəraitinə uyğundur və məhsuldarlığı ilə fərqlənir. Ötən mövsüm bu sortların əkildiyi sahələrin hər hektarından 40-45 sentner məhsul əldə olunub.
Bu il rayonda ilk dəfə olaraq yeni "Fatmayi" buğda sortu də əkiləcək. Bu sort Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Ortaq Müəssisəsinin təcrübə sahələrində sınaqdan keçirilir.
Xaçmaz rayonunda, ümumilikdə, 30 min hektardan çox sahədə payızlıq taxıl əkiləcək. Bunun 17 min hektara yaxını buğda, qalanı isə arpa sahələridir.
Havanın qeyri-sabit keçməsi əkin prosesini ləngitsə də, rayon kənd təsərrüfatı idarəsi tərəfindən səpinin vaxtında başa çatdırılması üçün müvafiq tədbirlər görülür. Taxılçılar bütün qüvvələrini kampaniyanın müvəffəqiyyətlə başa çatmasına səfərbər ediblər.
Qeyd edək ki, ötən mövsüm Xaçmaz rayonu üzrə 110 min tondan çox taxıl əldə edilib.
azertag.az