Türk Mədəniyyəti və İrsi Fondu ilə IRCICA arasında əməkdaşlığa dair müzakirələr aparılıb
2.12.2016

Dekabrın 1-də Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzini (IRCICA) ziyarət edib.

Türk Mədəniyyəti və İrsi Fondundan bildirilib ki, IRCICA-nın baş direktoru Halit Eren təşkilatın fəaliyyəti, gələcək iş və layihələri barədə G.Əfəndiyevaya məlumat verib.

Daha sonra Günay Əfəndiyeva IRCICA-nın İslam tarixinə və mədəniyyətinə dair müxtəlif kitabların, kalliqrafiya əsərlərinin toplandığı zəngin kitabxanası ilə tanış olub.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti öz növbəsində türk dünyasına, onun tarixi və mədəni irsinə aid bir sıra kitabları, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş Xocalı soyqırımı ilə bağlı nəşrləri IRCICA-nın kitabxanasına hədiyyə edib.

Səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu ilə IRCICA arasında gələcək sıx əməkdaşlığa dair müxtəlif müzakirələr aparılıb.

azertag.az