Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Polşanın Adam Mitskeviç İnstitutu tərəfindən reallaşan “I Culture Orchestra” layihəsi çərçivəsində ustad dərsləri başa çatıb. Layihənin əsas məqsədi BMA-nın gənc musiqiçi - tələbələrinin seçimlərdən sonra yaradılan beynəlxalq orkestrlərdə iştirakına yardımçı olmaqdır.
Akademiyadan bildirilib ki, ustad dərslərində Böyük Britaniyalı məşhur musiqiçi və müəllimlər Jolt-Tixamor Vişontay (violin), Mark van de Vil (klarnet) və Endryu Kreşçi (tuba) iştirak ediblər.
Ustad dərslərinin məqsədi musiqiçilərə orkestr çətinliklərini öyrətmək və onların orkestrdə fəaliyyətlərini kamilləşdirməkdir. 40-a yaxın nəfəs və simli alətlər şöbəsinin tələbələri böyük maraqla bu mühüm beynəlxalq layihəyə qatılıb.
Bağlanış konsertində BMA-nın rektoru, Xalq Artisti, professor Fərhad Bədəlbəyli və Polşanın Azərbaycandakı səfiri Marek Tsalka çıxış ediblər.
Gecənin sonunda layihənin koordinatoru Marta Lazetska layihənin uğurla keçirilməsinə şərait yaratdığı üçün BMA-nın rəhbərliyinə təşəkkürünü bildirib.
azertag.az