Gələn il Bakıda təşkil olunacaq Formula-1 üzrə Azərbaycan Qran-prisinin bilet satışına dekabrın 2-də start verilib. İkinci mövsümdə də tamaşaçı yerlərinin sayı bu ildəki qədər olacaq.
Bu sözləri “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri və Formula-1 Avropa Qran-prisinin mətbuat katibi Nigar Arpadarai məxsusi müsahibəsində deyib.
N.Arpadarai bildirib ki, gələnilki yarışın biletlərinin kateqoriyalarında dəyişiklik edilib. Bu il təşkil olunan yarışa birgünlük və üçgünlük biletlər satışa çıxarılmışdı. Növbəti yarışa isə dördgünlük və hər gün üçün ayrıca biletlər əldə etmək mümkündür. Biletlərin qiyməti kifayət qədər münasibdir. Qiymətlər Azərbaycan manatı ilə göstərilir. Digər ölkələrdə keçirilən Qran-prilərlə müqayisədə Bakı yarışında qiymətlər kifayət qədər aşağıdır.
“Dekabrın 2-dən gələn il yanvarın 31-dək endirimli kampaniya təşkil olunub. Azarkeşlər biletləri 30 faiz endirimlə əldə edə bilərlər. Həmçinin 2-15 yaşlılar üçün xüsusi endirimli biletlər təklif olunur. Çalışırıq ki, bu yarışları izləmək istəyənlər üçün müxtəlif kateqoriyada biletlər olsun və onlar möhtəşəm yarışı rahatlıqla izləyə bilsinlər”, - deyə N.Arpadarai deyib.
azertag.az