Gələn il keçiriləcək Formula-1 üzrə Avropa Qran-prisinə üç min könüllü cəlb olunacaq
2.12.2016

2017-ci ildə Bakıda sayca ikinci dəfə keçiriləcək Formula-1 üzrə Avropa Qran-prisi zamanı fəaliyyət göstərəcək könüllülərin qeydiyyatına başlanılıb. Ümumilikdə 3 min könüllünün qəbulunun nəzərdə tutulduğu Könüllülər Proqramına qeydiyyatın fevralın 28-dək davam etdirilməsi nəzərdə tutulub.

Könüllülər işçi qüvvəsi, məkan, aeroport, şəhər və idman əməliyyatları, tamaşaçı xidmətləri, nəqliyyat, marketinq, media əməliyyatları, protokol və mərasim sahələri üzrə fəaliyyət göstərəcəklər.

Proqrama qoşulan könüllülər fəaliyyət göstərdikləri müddət ərzində yeni bilik və bacarıqlar qazanacaq, dünyagörüşlərini daha da artıracaq, dil biliklərini gücləndirəcək və öyrəndikləri nəzəri bilikləri praktiki işdə həyata keçirmək şansı əldə edəcəklər.

Könüllü olmaq istəyənlər ingilis dilini bilməli, 2017-ci il iyunun 1-dək 16 yaşı tamam olmalı, gərgin iş rejimində işləməyi bacarmalı, həvəsli və ölkəsini təmsil etmək arzusunda olmalıdırlar.

Könüllülər Proqramına qoşulmaq istəyənlər bu keçidə daxil olaraq qeydiyyatdan keçə bilərlər: http://volunteers.bakucitycircuit.com/#/login. Könüllülük fəaliyyəti haqda ətraflı məlumatı bu keçiddən əldə etmək mümkündür: https://www.bakucitycircuit.com/az/haqqimizda/konullulr.

azertag.az