Bakıda İsrail-Azərbaycan musiqiçilərinin konserti olub
5.12.2016

Dekabrın 3-də Beynəlxalq Muğam Mərkəzində İsrail-Azərbaycan musiqiçilərinin konserti keçirilib.

Konsertdə diplomatik korpusun təmsilçiləri, deputatlar, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İsrailin Azərbaycandakı səfiri Dan Stav iki ölkənin musiqiçilərinin iştirakı ilə “Dostluq və sülh naminə” şüarı altında keçirilən konserti vacib mədəniyyət hadisəsi kimi dəyərləndirib. “Ümid edirəm ki, konsert tamaşaçıların yaddaşında dərin izlər buraxacaq. Musiqi insanlar arasındakı ünsiyyətin vacib növüdür. Musiqi həyatımızda çox mühüm rol oynayır. Bu gün bizim qonağımız olan Şem Tev Levinin musiqisi sizə gözəl istirahət bəxş edəcək. Konsertin təşkilatçılığına görə Beynəlxalq Muğam Mərkəzinə, Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürümü bildirirəm”, - deyə səfir qeyd edib.

Konsertdə İsrail musiqiləri ilə yanaşı, “Əsmərim”, “Sən gəlməz oldun”, “Gəl maralım”, “Atəşim var, külüm yox” və digər Azərbaycan mahnıları ifa olunub.

azertag.az