Azərbaycanda avtomobilləri park etmə qaydalarının pozulmasına və avtomobilin idarəsi zamanı “əlil” adından qanunsuz istifadəyə görə cəzalar tətbiq edilir.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişiklik ediləcək.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan əlavəyə əsasən, “əlil” tanınma nişanından qanunsuz istifadə edənlər 40 manat məbləğində cərimə olunacaqlar.
Bundan başqa, nəqliyyat vasitəsinin parklanmasına görə, müəyyən edilmiş ödəniş aparılmadan və ya ödəniş aparılmış müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə, eyni zamanda nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parkalnmaya görə 10 manat məbləğində cərimə tətbiq olunacaq.
Əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələri saxlayanlar 10 manat cərimə ediləcəklər.
Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına görə, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə 10 manat məbləğində cərimə tətbiq olunacaq.
Nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanmasına görə isə 20 manat məbləğində cərimə tətbiq ediləcək.
Müzakirələrdən sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
report.az