Azərbaycan güləşçiləri yeniyetmələr arasında dünya çempionatında 4 qızıl medal qazanmışlar
27.8.2012

Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən yeniyetmələr arasında güləş üzrə dünya çempionatında yunan-Roma güləşi üzrə yarışlar avqustun 26-da başa çatmışdır. Yarışların sonuncu günündə çempionatda 46, 54, 63, 76 və 100 kiloqram çəki dərəcələrində güləşçilər mübarizə aparmışlar.

Avqustun 26-da Azərbaycan idmançıları yarışlarda dörd qızıl medal qazanmışlar. Mikayıl Rəhmanov (46 kq), Kərim Cəfərov (54 kq), Ruhin Mikayılov (63 kq) və İslam Abbasov (76 kq) dünya çempionu adına layiq görülmüşlər. 100 kiloqram çəki dərəcəsində qızıl medalı Türkiyə güləşçisi Əmrə Səlahəddin Muyan qazanmışdır.

Ümumi komanda hesabında 84 xal (6 qızıl, 1 gümüş və 1 bürünc medal) toplamış Azərbaycan yığması birinci yeri tutmuşdur. Sonrakı yerləri Gürcüstan (62 xal) və Rusiya (61xal) komandaları tutmuşlar.

AzərTAc