Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiyanın daxili işlər naziri Neboşya Stefanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı Serbiyanın daxili işlər naziri Neboyşa Stefanoviçin Azərbaycana səfərinin ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın müzakirəsi və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələlərin nəzərdən keçirilməsi üçün səmərəli olacağına əminliyini bildirib. Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev yüksək səviyyəli qarşılıqlı səfərləri və digər təmasları ölkələrimiz arasında dostluq əlaqələrinin yaxşı göstəricisi kimi dəyərləndirib. Azərbaycan ilə Serbiyanın bir çox sahələrdə əməkdaşlıq etdiyini bildirən dövlətimizin başçısı bu əməkdaşlığın inkişafında ölkəmizin maraqlı olduğunu deyib. İki ölkənin beynəlxalq təşkilatlarda da bir-birinə daim dəstək verdiklərini vurğulayan Prezident İlham Əliyev tərəfdaşlıq əlaqələrimizin gücləndirilməsi baxımından bunun əhəmiyyətini qeyd edib. Dövlət başçısı Azərbaycan və Serbiya arasında ikitərəfli əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Serbiya Respublikasının daxili işlər naziri Neboyşa Stefanoviç Azərbaycanda onlara göstərilən qonaqpərvərliyi yüksək qiymətləndirərək ölkəmizin və Bakının xüsusilə son illər inkişafının onlarda böyük təəssürat yaratdığını deyib. İki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın zəruriliyini vurğulayan qonaq səfərin əlaqələrimizin inkişafı ilə bağlı konkret işlər görmək uşun yaxşı imkan yaratdığını deyib. Hazırda Yer kürəsində terrorizmin geniş yayıldığını təəssüflə qeyd edən Serbiyanın daxili işlər naziri terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizənin əhəmiyyətindən danışaraq, ölkələrimizin müvafiq qurumları arasında qarşılıqlı informasiya mübadiləsinin və treninqlərin keçirilməsinin əməkdaşlığımızın gücləndirilməsi baxımından önəmini vurğulayıb.
Bundan başqa, Prezident İlham Əliyev Pakistan İslam Respublikasının ticarət naziri Xürrəm Dastgir Xanı qəbul edib.
Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin ölkəmizə səfərlərini məmnunluqla xatırlayan dövlət başçısı hər iki səfərin uğurlu və məhsuldar olduğunu vurğulayaraq, bu səfərlərin ölkələrimiz arasında mövcud qardaşlıq əlaqələrinin gücləndirilməsi baxımından önəmini qeyd edib. Prezident İlham Əliyev qarşılıqlı ticarətin səviyyəsinin inkişaf etdirilməsi, sərmayə qoyuluşu və biznes imkanlarının müəyyənləşdirilməsi üçün ölkələrimizin müvafiq nazirliklərinin praktik səviyyədə görüşlər keçirməsi üçün də yaxşı fürsət yarandığını deyib.
Ölkəsinin Baş naziri Məhəmməd Nəvaz Şərifin Azərbaycana səfərindən məmnun olduğunu vurğulayan Pakistan İslam Respublikasının ticarət naziri Xürrəm Dastgir Xan deyib: “Baş nazir Məhəmməd Nəvaz Şərif Azərbaycanda ona göstərilən qonaqpərvərliyi yüksək qiymətləndirdi və məndən buna görə minnətdarlığını çatdırmağı xahiş etdi”. Pakistanlı nazir Baş nazir Məhəmməd Nəvaz Şərifin ölkəmizə səfərindən dərhal sonra onun tapşırığı ilə Azərbaycana səfər etdiyini və ikitərəfli əlaqələrimizin inkişafı ilə bağlı üzərində işləməli əhəmiyyətli məsələlərin olduğunu deyib.
Görüşdə ölkələrimiz arasında enerji, ticarət əlaqələrinin genişləndirilməsi, kənd təsərrüfatı, əczaçılıq və toxuculuq sənayesi sahələrində əməkdaşlığın önəmi qeyd olunub.
report.az