Bakı Ali Neft Məktəbində “Erasmus+” proqram ilə bağlı məlumatlandırma günü
5.12.2016

Bakı Ali Neft Məktəbində (BANM) bu ali təhsil ocağının və Azərbaycanda Milli “Erasmus+” ofisinin birgə təşkilatçılığı ilə “Erasmus+” proqram barədə ali təhsil müəssisələrimiz üçün ilk dəfə məlumatlandırma günü keçirilib.

BANM-dən bildiriblər ki, bu ali məktəbin rektoru Elmar Qasımov tədbirin Azərbaycanda ali təhsilin gələcək inkişafı, ali təhsil müəssisələrimizin Avropa İttifaqı (Aİ) ölkələrinin universitetləri və təhsil strukturları ilə beynəlxalq əməkdaşlığının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. “Erasmus+” və Aİ tərəfindən dəstəklənən digər təhsil proqramlarının imkanlarından səmərəli istifadənin zəruriliyindən danışan E.Qasımov qeyd edib ki, Azərbaycanın ali təhsil müəssisələri 1995-ci ildən etibarən “TACİS/TEMPUS” kimi layihələr də daxil olmaqla, həmin proqramlarda iştirak edir. Rektor cari il “Erasmus+” proqramı çərçivəsində BANM və Yunanıstanın Pirey Tətbiqi Elmlər Universiteti arasında imzalanan müqavilənin əhəmiyyətini qeyd edib.

Tədbirdə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin əməliyyat şöbəsinin rəhbəri Jeron Uilems təmsil etdiyi qurumun ölkəmizdə təhsilə dəstək siyasətinin əsas prinsipləri haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, Aİ Azərbaycanın Təhsil Nazirliyi, eləcə də ali təhsil müəssisələri ilə birgə tədbirlər həyata keçirməklə onların Avropa təhsil sisteminə inteqrasiya olunmasına kömək göstərir. O deyib: “Ali, peşəkar təhsil üzrə qrantların və digər yatırımların ayrılması vasitəsilə müvafiq islahatların uğurla həyata keçirilməsində kömək göstərmək niyyətindəyik”.

Sonra Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq məsələləri üzrə eksperti Pərvin Qəhrəmanova, SOCAR-ın vitse-prezidentinin müavini Asif Şəfəqqətov, Azərbaycanda Milli “Erasmus+” ofisinin rəhbəri Pərviz Bağırov, “British Council” təşkilatının ölkə üzrə direktoru xanım Elizabet Vayt, Fransanın Azərbaycandakı səfirliyinin universitetlərlə əməkdaşlıq üzrə səlahiyyətli nümayəndəsi Batist Minyö, SOCAR-ın elm və texniki şöbəsinin əməkdaşı Nazim Vəliyev və Aİ-nin ölkəmizdəki nümayəndəliyinin beynəlxalq yardım və əməkdaşlıq üzrə mütəxəssisi Rza Zülfüqarlı çıxış ediblər.

Daha sonra hesabatlar dinlənilib. P.Bağırov rəhbərlik etdiyi qurumun fəaliyyəti, “Erasmus+” proqramın əsas istiqamətləri “CBHE” proqramı çərçivəsində həyata keçirilən layihələrin müsabiqəsinə aid üçüncü tur barədə məlumat verib.

Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova və digər çıxış edənlər ölkəmizdə Aİ tərəfindən ayrılan qrantlar üzrə layihələrdən, “Horizon 2020” və əməkdaşlığın inkişafı istiqamətində proqramın imkanlarından, Azərbaycanın Erasmus Tələbə Şəbəkəsinin fəaliyyətindən, ali təhsil müəssisələrimizin müvafiq proqramlarda iştirakından söz açıblar. Natiqlər “Erasmus+” proqramın Azərbaycanda həyata keçirilməsi üçün Təhsil Nazirliyinin lazımı dəstək göstərdiyini diqqətə çatdırıblar.

azertag.az