Qax rayonunda Çindən gətirilən tut tinglərinin əkininə başlanılıb
5.12.2016

Baramaçılığın inkişaf etdirilməsi üçün yeni intensiv tipli tut (çəkil) bağlarının salınması məqsədi ilə Çin Xalq Respublikasından ölkəmizə gətirilən tut tinglərinin 45 min ədədi bölgü əsasında Qax rayonuna göndərilib.

Rayon icra hakimiyyətindən bildiriblər ki, gətirilən tinglərin 25 min ədədinin qısa müddətdə bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələrində əkilməsi təmin olunub. Tinglərin 20 min ədədinin isə Qax Damazlıq İpəkçilik Stansiyasının ərazisində əkilməsi nəzərdə tutulub.

Stansiyanın direktoru Əkrəm Fətəliyevin AZƏRTAC-a verdiyi məlumata görə, hazırda bu məqsədlə ayrılmış torpaq sahəsində tinglərin əkini üçün hazırlıq işləri görülür. Yaxın günlərdə bu ərazidə yeni çəkil bağının salınmasına başlanılacaq.

Bununla yanaşı, baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədi ilə cari ilin payız aylarında rayonun müxtəlif ərazilərində “Şəki-İpək” ASC-nin tinglik sahəsində yetişdirilən 5 min ədəd, həmçinin rayonun daxili imkanları hesabına əldə olunan 1200 ədəd tut tinginin əkilməsi də təmin olunub.

Qeyd edək ki, respublikamızda baramaçılığın gələcək inkişafının təmin edilməsində ipəkqurdunun yem bazasının bərpa olunmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, rayonlarda yeni intensiv tipli tut bağlarının salınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 1,5 milyon ədəd tut tinginin alınması üçün Çin Xalq Respublikasının “Shandong Guangtong Silkworm Eggs Co” LTD şirkəti ilə tender müqaviləsi bağlanılıb. Müqavilənin şərtlərinə uyğun olaraq, dekabrın 2-də şirkət tərəfindən tədarük edilmiş 1,5 milyon ədəd tut tingi hava nəqliyyatı ilə respublikamıza gətirilib və rayonlara paylanılıb.

azertag.az