“Gəncləri ziyanlı vərdişlərdən uzaqlaşdırmaq” layihəsinin təqdimatı olub
5.12.2016

Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gəncləri ziyanlı vərdişlərdən uzaqlaşdırmaq” layihəsinin təqdimatı olub.

AzTU-dan bildiriblər ki, bu ali məktəbin prorektoru, professor İsa Xəlilov gənclər arasında belə maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb, zərərli vərdişlərin insan sağlamlığına böyük təhlükə olduğunu söyləyib. Qeyd olunub ki, tələbələrin siqaret, narkomaniya, alkoqolizm kimi ziyanlı vərdişlərdən uzaqlaşdırılması ən başlıca məsələlərdəndir. Bu məqsədlə universitetdə mütəmadi tədbirlər keçirilir, filmlər çəkilir, broşür və bukletlər çap olunur, tələbələr arasında maarifləndirmə işləri aparılır.

Çıxış edənlər ziyanlı vərdişlərdən və onların zərərlərindən danışıblar.

Sonra AzTU-nun tələbələrinin təşəbbüsü ilə çəkilən “Uçuruma aparan yol” bədii filmi göstərilib. Universitetin tələbələri Aydan Məmmədzadə və Fərid Sultansoyun ssenarisi əsasında çəkilən ekran əsərində siqaret, narkomaniya və alkoqol kimi zərərli vərdişlərin acı nəticələri nümayiş olunub.

Filmdə universitetin tələbələri iştirak ediblər.

“Uçuruma aparan yol” bədii filmi AzTU-nun tədris studiyasının texniki avadanlığından istifadə etməklə lentə alınıb.

azertag.az