Dekabrın 20-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey sərgi-kompleksində “Tolerant gənclik” beynəlxalq təsviri və dekorativ tətbiqi sənət adlı müsabiqəsinin yekun sərgisi açılacaq.
Dövlət Rəssamlıq Akademiyasından bildirilib ki, sərgi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.
“Multikulturalizm ili” çərçivəsində reallaşacaq sərgidə yerli və eyni zamanda, dünyanın müxtəlif ölkələrindən olan yaradıcı gənclərin iştirakı nəzərdə tutulub. Müsabiqə-sərginin keçirilməsində məqsəd dünya gəncləri arasında multikulturalizm və tolerantlığı təbliğ etmək, onlar arasında tolerantlığı daha da möhkəmləndirmək, dostluq, əməkdaşlıq münasibətlərinın yaradılmasına nail olmaq və müxtəlif ölkələrin milli-mənəvi dəyərlərini incəsənət əsərləri vasitəsilə gənc nəslə çatdırmaqdır.
İki gün davam edəcək sərgidə tolerantlıq (milli, etnik, irqi, dini tolerantlıq) mövzusunda bütün janrlarda olan əsərlər yer alacaq.
azertag.az