Musiqili Teatr daha bir beynəlxalq quruma üzv olub
6.12.2016

Azərbaycan Dövlət Musiqili Teatrı daha bir beynəlxalq teatr təşkilatına üzv olub.

Qurumun mətbuat xidmətindən bildirilib ki, Dövlət Musiqili Teatrı Qərbi Asiya və Şimali Afrika Dövlətləri Teatr Xadimlərinin Birliyində Azərbaycanı təmsil edən yeganə mədəniyyət müəssisəsi olacaq.

“İran İslam Respublikasının Dramatik İncəsənət Mərkəzinin Tehran şəhərində keçirdiyi teatr sənəti mövzusunda birinci regional elmi-nəzəri konfransında İran, Əlcəzair, Əfqanıstan, İraq, Livan, Oman, Pakistan, Qətər, Suriya, Tunis və başqa ölkələrdən dəvət olunmuş mədəniyyət xadimləri və tanınmış teatr sənətçiləri iştirak edirdilər. Qərbi Asiya və Şimali Afrika Dövlətləri Teatr Xadimlərinin Birliyi də məhz bu konfransda yaradıldı. Konfrans zamanı teatrın ümumi dil və mədəniyyətin əsas sahəsi kimi insani dəyərlərin inteqrasiyasında və mübadiləsində mühüm rol oynadığı bir daha vurğulandı. Həmçinin qeyd olundu ki, ölkələrarası mədəni əlaqələrin inkişafında teatr xadimlərinin bilik və bacarıqları əsasında qarşılıqlı əlaqələrin qurulması, kütləvi tamaşalar və teatr festivallarının təşkili, ölkələrarası məlumat mübadiləsinin aparılması, səhnə əsərlərinin, mədəniyyət və teatr sahəsində elmi kitabların və məqalələrin tərcüməsi üçün imkanlar yaradılması əsas istiqamətlərdəndir. Razılaşma əsasında təsis konfransında iştirak edən ölkələr burada qoyulan məqsədlərin müvafiq və effektiv şəkildə yerinə yetirməsini təklif etdilər. Bu məqsədlə niyyət protokolunun sənədləri ilkin variantda hazırlandı. Azərbaycan Dövlət Musiqili Teatrı Qərbi Asiya və Şimali Afrika Dövlətləri Teatr Xadimlərinin Birliyinə üzv qəbul olundu və bundan sonra bu qurumda ölkəmizi məhz bizim teatr təmsil edəcək”, - deyə konfransda iştirak edən Musiqili Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev söyləyib.

Qeyd edək ki, Azərbaycan Dövlət Musiqili Teatrı həm də 2009-cu ildən Musiqili Teatrların Beynəlxalq Assosiasiyasının üzvüdür.

azertag.az