İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (“Azİz”) İsraildəki Azərbaycan mədəniyyət mərkəzində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 875 illiyi qeyd edilib.
Poeziya sərraflarının toplaşdığı gecədə böyük şairin əsərlərinin müxtəlif nəşrləri təqdim edilib. 1941-ci ildə Nizaminin 800 illik yubileyi münasibətilə Moskvada nəşr edilmiş “İsgəndərnamə” kitabı xüsusi marağa səbəb olub. Qonaqlar böyük şairin ən yaxşı əsərlərinin toplandığı üçcildliklə, habelə klassik şərq rəngkarlığının unikal nümunələrindən ibarət “Nizami. Xəmsə miniatürləri” adlı albomla da tanış olublar. Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş əsərlərin toplandığı kitab, habelə “Şərq poeziyası” seriyasından Moskvada nəşr edilmiş toplu da böyük maraqla qarşılanıb.
Azərbaycan mədəniyyət mərkəzinin direktoru Yeganə Salman Nizami Gəncəvinin həyat və yaradıcılığı barədə məruzə ilə çıxış edib, Şərqin bu böyük mütəfəkkirinin yaradıcılığının mühüm mərhələləri, onun poetik irsinin əhəmiyyəti barədə məlumat verib.
Nizaminin romantizmi “Leyli və Məcnun” poemasında daha parlaq ifadəsini tapıb. Böyük şair bir-birini ülvi məhəbbətlə sevən, lakin qəbilə düşmənçiliyi üzündən qovuşa bilməyən iki gəncin saf duyğularını çox məharətlə təsvir edib. “Leyli və Məcnun” əsərinin qəhrəmanlarının dərin kədəri oxucuya lirik lövhələrlə çatdırılır.
Azərbaycan şairləri arasında ilk dəfə məhz Nizami Gəncəvi azadlığa və şəxsi səadətə can atan qız obrazı yaradıb. Gecədə bu barədə çox maraqlı şəkildə söhbət açan Natalya Zatulovskaya böyük şairin rus dilində nəşr edilmiş əsərlərindən parçalar oxuyub. İsrail və Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Vaqif Əliyev Nizaminin Azərbaycan dilində qəzəllərini təqdim edib.
Nizami Gəncəvinin əsərləri bir sıra Avropa dillərinə tərcümə edilib. Onun zəngin poetik irsi dünya poeziya xəzinəsinə Azərbaycan xalqının qiymətli töhfəsidir.
Dünyanın bir sıra şəhərlərində, o cümlədən Bakıda, Moskvada, Sankt-Peterburqda, Daşkənddə böyük şairə abidələr qoyulub. 2012-ci ildə Romadakı Villa Borgeze parkında Nizami Gəncəvinin abidəsi ucaldılıb. Nizami Gəncəvi əsərlərinin əhəmiyyəti və populyarlığı həm də onunla təsdiqlənir ki, bir sıra bəstəkarlar və rejissorlar onun yaradıcılığına müraciət ediblər. məsələn, məşhur italyan bəstəkarı Cakomo Puççini Nizaminin “Yeddi gözəl” poeması əsasında “Turandot” operasını yazıb.
Gecədə Nizaminin sözlərinə bəstələnmiş romansların SSRİ xalq artistləri Bülbül, Rəşid Behbudov və Müslüm Maqomayevin ifasında səs yazıları, Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından parçalar səslənib, Qara Qarayevin “Leyli və Məcnun” və “Yeddi gözəl” baletlərindən fraqmentlər göstərilib.
Yubiley gecəsi İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (“Azİz”) Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Heydər Əliyev Fondunun və Afula bələdiyyəsinin absorbsiya idarəsinin dəstəyi ilə təşkil edilib.
azertag.az