Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Riqoletto” operası nümayiş olunub.
Teatrdan bildirilib ki, tamaşanın baş rollarında Əməkdar Artist İnarə Babayeva, Ukraynadan gələn ifaçılar Pyotr Primak və Dmitriy Kuzmin çıxış ediblər. Operada, həmçinin Xalq Artisti Əli Əsgərov, Əməkdar Artist Səbinə Əsədova, solistlər Əliəhməd İbrahimov, Firuz Məmmədov, Tural Ağasiyev yüksək peşəkarlıqla ifa ediblər.
Tamaşanın premyerası dirijor, Xalq Artisti Cavanşir Cəfərovun rəhbərliyi ilə baş tutub. Baş rolun ifaçılarından olan İnarə Babayeva qeyd edib ki, o, bu operanı 2002-ci ildə hələ tələbə olanda Xalq Artisti Şəfiqə Məmmədova ilə hazırlayıb: “14 il əvvəl, əsərin zəngin musiqisinə, eyni zamanda ifa etdiyim Gilda partiyasının lirik dramatik obrazına vuruldum. Bu gün də bu partiyanı sevə-sevə ifa edirəm. Teatrda gənclərə yaradılan şərait imkan verir ki, onlar öz istedad və bacarığını nümayiş etdirsin. Fürsətdən istifadə edib, bu tamaşada iştirak edən bütün yaradıcı və texniki heyəti uğurlu tamaşa münasibətilə təbrik edirəm”.
azertag.az